img

Azərbaycan Gənclər Parlamentinin yaradılmasında məqsəd ölkədəki qapalı siyasi müzakirə mühiti fonunda gənc siyasətçi və aktivistlərin fikir və təkliflərini virtual sferadan çıxararaq real həyata daşımaq, alternativ qərar və qanun layihələri hazırlayaraq dövlət qurumlarına təqdim etməkdir.

Azərbaycan Gənclər Parlamenti 2019-cu ilin oktyabr ayında fəaliyyətə başlamış, ilk iclaslarını 2020-ci ilin fevral ayının sonlarında keçirməyi planlaşdırmışdır.

Dünyada və Azərbaycanda yaranmış epidomioloji proseslər ucbatından Azərbaycan Gənclər Parlamentinin iclasları əvvəlcə təxirə salınmış, daha sonra Azərbaycan Gənclər Parlamenti Katibliyi 15 aprel 2020-ci il tarixində iclasların onlayn qaydada keçirilməsi ilə bağlı qərar vermişdir.

Həmin tarixdən bugünədək Azərbaycan Gənclər Parlamenti 8 onlayn komitə iclası keçirmiş, 4 komitə üzrə sədrlər və sədr müavinləri seçilmiş, işçi qruplar yaradılmış, komitələrin fəaliyyət planı ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycan Gənclər Parlamentinə seçilmiş 60 nəfərdən 8-in üzvlüyünə müxtəlif səbəblərdən (hərbi xidmət, şəxsi məsələlər, işgüzar məsələlər və s.) öz müraciətlərinə əsasən xitam verilmişdir. İnformasiya texnologiyaları və İnnovasiyalar Komitəsindəki üzvlərin sayı 6-dan az olduğu üçün fəaliyyətə başlaması mümkün olmamışdır.

Onlayn iclaslar müəyyən səbəblərdən (zəif internet bağlantısı, ekspertlərin iştirak etməməsi, mikrofon və kamera problemləri və s.) arzuolunan məhsuldarlıqda keçməmişdir.

Praktiki səfərlər, icmalarla görüşlər, media dəstəyinə əlçatanlıq, sosial layihələrin baş tutması Nazirlər Kabinetinin qərarları ilə məhdudlaşırılmış, bununla da üzvlərin effektiv fəaliyyət göstərməsi mümkün olmamışdır.

Azərbaycan Gənclər Parlamentinin büdcəsinin genişləndirilməsi üçün nəzərdə tutulmuş sponsorluq müqavilələri pandemiya dövrü ilə əlaqədar olaraq Katiblikdən asılı olmayan səbəblərdən gecikmələrə məruz qalmışdır.

Bütün bunları nəzərə alaraq Azərbaycan Gənclər Parlamenti Katibliyi 17 iyun 2020-ci il tarixli onlayn iclasında qərara alır:

1. Azərbaycan Gənclər Parlamentinin 15 aprel 2020-ci il tarixli iclasların onlayn qaydada keçirilməsi ilə bağlı verdiyi qərar ləğv edilir.

2. Azərbaycan Gənclər Parlamentinin iclasları Bakı şəhərində kütləvi tədbirlərin keçirilməsi mümkün olan tarixə qədər təxirə salınır.

3. İclasların bərpa olanacağı tarixədək Azərbaycan Gənclər Parlamenti öz üzvləri və ictimaiyyət üçün digər onlayn fəaliyyətlər həyata keçirir.

Azərbaycan Gənclər Parlamenti Katibliyi iclasların keçirilməsinin mümkünsüzlüyü ilə bağlı məyusluğunu bildirir, epidemioloji vəziyyətin tezliklə yaxşılaşmasını və kütləvi tədbirlərin keçirilməsinin yenidən mümkün olmasını arzu edir.