Azərbaycan Gənclər Parlamentinin rəsmi açılış tədbiri baş tutub



img

27 yanvar 2020-ci il tarixində “Azərbaycan Gənclər Parlamenti” (AGP) layihəsinin açılış tədbiri həyata keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyi, UNİCEF nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT Bakı Ofisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, KOB, AMEA, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Yeni Yol” Gənclərin Maarifləndirilməsi  İB, Demokratiyanı Öyrənmə İB, Sağlam Düşüncə Gənclər Təşkilatı, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İB və bir sıra hökumət və qeyri-hökumət qurumlarının rəsmiləri, vətəndaş cəmiyyətinin fəal gəncləri, eləcə də media qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbir AGP layihəsinin ideya müəllifi və Baş Katibi cənab Asiman Qocayevin açılış nitqi ilə başlayıb. Daha sonra layihənin tərəfdaşlarına söz verilib. İlk öncə, ABŞ səfirinin mədəniyyət məsələləri üzrə köməkçisi xanım Günel Poladova çıxış edərək layihə təşkilatçılarına uğurlar arzulayıb. Daha sonra “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri cənab Mirəli Hüseynov və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi cənab Ramtiq Alızadə tədbirdə çıxış edib, layihənin fəaliyyətinə uğurlar arzulayıb və bu layihənin icrası üçün hər zaman dəstək olacaqlarını qeyd ediblər.  

Tədbir AGP-nin təqdimatı ilə davam edib. Cənab Qocayev AGP-nin məqsəd və vəzifələri, işləmə prinsipi, strukturu, katiblik və komitələrin fəaliyyəti barədə məlumat verib. Ardınca AGP-yə üzv seçilmiş gənclərin adı elan edilib. 

Tədbir auditoriyanı maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, AGP layihəsi ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “İcma quruculuğu təşəbbüsləri” proqramı çərçivəsində həyata keçirilən layihələrdən biridir. Layihə 18-35 yaş aralığında seçilmiş 60 nəfər gəncin gender, ekologiya, İKT və innovasiyalar, təhsil, mədəniyyət, regional sahibkarlıq, icmalarla iş kimi sosial məsələləri müzakirə edərək dövlət qurumlarına təqdim edilmək üçün təkliflər hazırladığı yeni bir platformanın yaradılmasını ehtiva edir.

AGP ictimai layihədir və gəlir əldə etmək məqsədi güdmür. Hər hansı siyasi partiyanın maraqlarına xidmət etmir. AGP fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət orqanları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş nümayəndəlikləri, eləcə də Milli Məclis ilə əməkdaşlıq edəcək.

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

2020-01-28 15:13:00