AZƏRBAYCAN GƏNCLƏR PARLAMENTİNİN

NİZAMNAMƏSİ

 

    Azərbaycan Gənclər Parlamenti (bundan sonra AGP) 18-35 yaşlı Azərbaycan Respublikası vətəndaşlarının ölkədə qərarların verilmə prosesində aktiv iştirakının təmin edilməsi məqsədilə fəaliyyət göstərir.

    AGP öz fəaliyyətini bu nizamnamə, Azərbaycan Respublikasının qanunvericliyi və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq qanunvericilik əsasında tənzimləyir.

    AGP Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət orqanları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş nümayəndəlikləri, eləcə də Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlıq edir.

    AGP Azərbaycanda gəncləri aktiv ictimai-siyasi müzakirələrə cəlb etməklə Azərbaycan Respublikasının dövlət maraqlarının qorunmasına xidmət edir.

    AGP ictimai layihədir və gəlir götürmək məqsədi güdmür.  Hər hansı siyasi partiyanın maraqlarına xidmət etmir.

 

1. KATİBLİK

    Katiblik AGP-nin ümumi işini təşkil edir.

 

  1. 1.1 Katibliyin səlahiyyətləri

    Katiblik:

  • Parlamentin qərarlarını dərc edir;
  • Parlamentin qərarlarını icra edir;
  • AGP-nin büdcəsinə nəzarət edir;
  • Bu nizamnamə ilə nəzərdə tutulmamış digər fəaliyyətləri icra edir.
  1. 1.2 Katibliyin tərkibi

    Katibliyin tərkibi aşağıdakı kimidir:

  • Baş katib;
  • Baş katibin müavini;
  • İctimaiyyətlə əlaqələr üzrə katib;
  • Komitələrlə iş üzrə katib.

    Baş Katibin müavini və katiblər Baş Katib tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

    Baş Katibin müavini və katiblərin fəaliyyət sahələri Baş Katib tərəfindən müəyyən edilir.

  1. 1.3 Baş Katib

    Baş Katib AGP-nin ali vəzifəli şəxsidir.

    Baş Katib Qəyyumlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

    1. 1.3.1 Baş Katibin səlahiyyətləri

    Baş Katib:

  • Katibliklə bağlı məsələləri həll edir;
  • Baş Assambleyanı çağırır;
  • Baş Assambleyanın gündəliyini təsdiq edir;
  • Komitə iclaslarını çağırır;
  • Katibləri vəzifəyə təyin və vəzifədən azad edir;
  • Seçki komissiyalarını təşkil edir.

 

2. PARLAMENT

    Parlament AGP-nin qanunverici orqanıdır.

  1. 2.1 Parlament üzvlüyünə namizədlərə aid tələblər

    18 yaşından yuxarı və 35 yaşından aşağı olan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasında fəaliyyət göstərən heç bir siyasi partiyanın mərkəzi və ya yerli strukturlarının idarə heyətində təmsil olunmayan, heç bir dini icmaya rəhbərlik etməyən, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olmayan hər bir Azərbaycan vətəndaşı parlamentin üzvü seçilə bilər.

  1. 2.2 Parlament üzvlərinin sayı

Parlament 60 üzvdən təşkil olunur.

  1. 2.3 Parlament üzvlərinin seçilməsi

Parlament üzvləri hər komitə üzrə Katiblik tərəfindən formalaşdırılmış komissiyalar tərəfindən seçilir.

  1. 2.4 Parlament üzvlərinin səlahiyyət müddəti

Parlament üzvləri 1 il müddətinə seçilir.

  1. 2.5 Parlament üzvlərinin səlahiyyətlətini itirməsi

Parlament üzvləri aşağıdakı hallarda səlahiyyətlərini itirir:

  • Özü imtina edərsə;
  • Nizamnamənin müvafiq tələblərini pozarsa;
  • Komitə iclaslarında ardıcıl 3 dəfə, Baş Assambleyada ardıcıl 2 dəfə üzrsüz qaydada iştirak etməzsə;
  • Azərbaycan Respublikasında  fəaliyyət göstərən hər hansı siyasi partiyanın mərkəzi və ya yerli idarə heyətində təmsil olunarsa;
  • Hər hansı dini icmaya rəhbərlik edərsə;
  • Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilərsə;
  • Səhhəti ilə bağlı səlahiyyətlərini yerinə yetirə bilməzsə;
  • Vəfat edərsə.
  1. 2.6 Səlahiyyətlərini itirmiş Parlament üzvlərinin yerinə seçkilərin keçirilməsi

    Parlament üzvü öz səlahiyyətlərini onun səlahiyyət müddətinin bitməsinə 30 gündən çox qalmış itirərsə 14 gün ərzində həmin parlament üzvünün yerinə xüsusi seçki keçirilir.

    Səlahiyyətlərini itirmiş Parlament üzvü seçildiyi gündən 1 il ərzində yenidən üzvlük üçün müraciət edə bilməz.

  1. 2.7 Parlamentin Prezidenti

    Parlamentin Prezidenti parlamentin ali vəzifəli şəxsidir. Parlamentin hər bir üzvü parlamentin Prezidenti seçilə bilər.

    1. 2.7.1 Parlamentin Prezidentinin seçilməsi

    Parlamentin Prezidenti Baş Assambleya tərəfindən iki mərhələli səsvermə yolu ilə seçilir.

    Birinci mərhələdə heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməzsə, ikinci mərhələdə ən çox səs toplamış iki namizəd və ya namizədliyini geri götürən şəxslərdən sonra gələn iki namizəd iştirak edir.

    İkinci mərhələdə ən çox səs toplamış namizəd Parlamentin Prezidenti seçilir.

    1. 2.7.2 Parlamentin Prezidentinin səlahiyyət müddəti

    Parlamentin Prezidentinin səlahiyyət müddəti 1 ildir. Heç kəs prezident vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz.

    1. 2.7.3 Parlamentin Prezidentinin səlahiyyətləri

    Parlamentin Prezidenti:

  • Baş Assambleyanın sessiyalarını idarə edir;
  • Parlamenti yerli və beynəlxalq tədbirlərdə təmsil edir;
  • Baş Assambleyanın gündəliyini Katibliyə təqdim edir;
  • Parlament adından Katibliyə müraciət edir;
  • Parlamentin vitse-prezidentlərini vəzifəyə təyin və vəzifədən azad edir.
    1. 2.7.4 Parlamentin Prezidentinin səlahiyyətlərini itirməsi

    Parlamentin Prezidenti aşağıdakı hallarda səlahiyyətlərini itirmiş hesab edilir:

  • Özü imtina edərsə;
  • Parlament üzvü səlahiyyətlərini itirərsə;
  • Nizamnamənin müvafiq tələblərini pozarsa;
  • Parlament üzvlərinin azı 45-in razılığı olarsa;
  • Səhhəti ilə bağlı səlahiyyətlərini yerinə yetirə bilməzsə;
  • Vəfat edərsə;
  1. 2.8 Parlamentin vitse-prezidentləri

    Parlamentin vitse-prezidentləri Parlamentin prezidenti tərəfindən təyin edilir. Parlamentin ən çox 3 vitse-prezienti ola bilər.

    Parlamentin vitse-prezidentlərindən biri Baş Assambleyanın katibi hesab edilir və assambleyanın protokolunu hazırlayır.

  1. 2.9 Komitələr

    Parlamentdə aşağıdakı komitələr fəaliyyət göstərir:

  • Səhiyyə, ailə, uşaq və gender məsələləri komitəsi;
  • Sahibkarlıq, turizm və regional siyasət komitəsi;
  • Yaşıl siyasət və şəhərsalma komitəsi;
  • İnformasiya texnologiyaları və innovasiyalar komitəsi;
  • Gənclər və idman komitəsi;
  • Elm, təhsil, mədəniyyət və incəsənət komitəsi;
  • Məşğulluq, karyera və sosial siyasət komitəsi;
  • İcmalarla iş komitəsi.
  1. 2.10 Komitələrin tərkibi

    Komitələr sədr, sədr müavini və digər üzvlərdən ibarətdir. Hər komitədə ən az 6, ən çox 8 parlament üzvü fəaliyyət göstərir.

    Komitə sədri komitənin üzvləri tərəfindən seçilir.

    Sədr müavini komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

  1. 2.11 Komitə iclasları

    Komitə iclasları hər 30 gündə bir dəfə komitə sədri tərəfindən adi qaydada, komitə sədri və ya Baş Katib tərəfindən fövqəladə qaydada çağrılır.

    Komitənin sədr müavini komitə iclaslarına katiblik edir və iclasın protokolunu hazırlayır.

    Komitə iclaslarında Parlament üzvü olmayan şəxslərin iştirakı Katibliyin qərarı ilə tənzimlənir.

  1. 2.12 Komitə iclaslarında qərarların qəbulu

    Komitə iclaslarında qərarlar adi səs çoxluğu ilə verilir. Səsvermə açıq keçirilir. Səslər bərabər olarsa komitə sədrinin səsi əsas götürülür.

  1. 2.13 Baş Assambleya

    Baş Assambleya parlamentin qərarlarının verildiyi yığıncaqdır. Baş Assambelya tərəfindən çıxarılmış qərar AGP adından çıxarılmış hesab edilir.

    Baş Assambleya azı 40 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.

    Baş Assambleyada Parlament üzvü olmayan şəxslərin iştirakı Katibliyin qərarı ilə tənzimlənir.

  1. 2.14 Baş Assambleyanın çağrılması

    Baş Assambleya aşağıdakı hallarda çağrılır:

  • Hər 60 gündə 1 dəfə Katiblik tərəfindən adi qaydada;
  • Katiblik tərəfindən fövqəladə qaydada;
  • 30 parlament üzvünün yazılı tələbi əsasında fövqəladə qaydada.

    Üzvlər Baş Assambleyanın adi qaydada çağrılmış iclaslarından azı 10 gün, fövqəladə qaydada çağrılmış iclaslarından azı 1 gün əvvəl Katiblik tərəfindən Baş Assambleyanın vaxtı, yeri və gündəliyi barədə məlumatlandırılmalıdır.

  1. 2.15 Baş Assambleyada qərarların verilməsi

    Baş Assambleyada qərarlar assambleyada iştirak edən üzvlərin yarısından çoxunun razılığı ilə qəbul edilir.

  1. 2.16 Baş Assambleyanın Azərbaycan Respublikasının Milli Məclisi qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış etməsi

    Baş Assambleya tərəfindən Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunmaq üçün təqdim edilən qanun layihələrinə 30 gün ərzində münasibət bildirilməlidir.

    Baş Assambleya qeyd olunmuş müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bildirilən münasibətin ağlabatan hesab etməzsə, yaxud qeyd olunmuş müddət ərzində təqdim edilən qanun layihəsinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən heç bir münasibət bildirilməzsə qarşıdan gələn ilk Baş Assambleyada iştirak edən üzvlərinin 10-da 9-un razılığı ilə Baş Assambleya tərəfindən təsdiq edilmiş qanun layihəsi müzakirə olunması üçün Azərbaycan Respublikasının Konstitusiyası və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Azərbaycan Respublikasının Milli Məclisinə yenidən təqdim edilir.

 

3. YEKUN MÜDDƏALAR

  1. 3.1 Layihənin maliyyələşdirilməsi

    Layihə ictimai fondların vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri və digər qanuni maliyyə mənbələri hesabına maliyyələşir.

  1. 3.2 Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi

    Nizamnaməyə əlavə və dəyişikliklər Qəyyumlar Şurası tərəfindən təsdiqlənir.

  1. 3.3 Azərbaycan Gənclər Parlamentinin ləğv edilməsi

    Azərbaycan Gənclər Parlamenti Qəyyumlar Şurasının qərarı ilə ləğv edilə bilər.