img

AGP niyə yaranıb?

Son illərdə Azərbaycan gəncliyi ictimai müzakirələrdə əhəmiyyətli dərəcədə varlıq göstərməyə başlamaqdadır. Lakin müxtəlif maraq qrupları bu müzakirələri pərakəndə şəkildə aparmaqda və gözlə görünən nəticələr əldə edə bilməməkdədir.

Sözügedən müzakirələr məhdud çərçivədə aparılır və kütləvi hal almır. Məsələn, məişət zorakılığı ilə bağlı məsələlər yalnız gender aktivistləri, ətraf mühitlə bağlı məsələləri isə yalnız ekoloji aktivistlər tərəfindən müzakirə edilir. Bu isə vətəndaş cəmiyyətinin bütövlükdə mövqeyinin öyrənilməsinə imkan vermir. Əksər hallarda bu tipli müzakirələrin yekununda verilən qərarların icra mexanizmi nəzərdə tutulmur. Problemlərin həll olunmasına köməklik göstərmək iqtidarında olan səlahiyyətli şəxslərlə əməkdaşlıq edilmir.

Azərbaycan Gənclər Parlamenti ölkədəki 18-35 yaş aralığında olan vətəndaş cəmiyyəti fəallarını institusional şəkildə bir araya gətirir və müzakirələrin məhsuldarlığını təmin edir.

 

AGP necə işləyir?

Layihə müəllifləri düşünür ki, ictimai fəaliyyətlə məşğul olan gənclər öz sahələri üzrə bilgili olmaqla birlikdə, həm də qanunyaratma (lawmaking) vərdişlərinə yiyələnməlidir. Buna görə də AGP hər il 8 komitə üzrə spesifik sahədə fəaliyyət göstərən və bütöv bir vətəndaş cəmiyyətini təmsil edən toplamda 60 gənci öz sıralarına qoşur.

Komitələr öz mandatları çərçivəsində müzakirələr aparır, Azərbaycan Respublikasının ərazisində qüvvədə olan mövcud qanunvericiliyə əlavə və dəyişiklik təklifləri, yeni qanun layihələri, icraedici orqanların səlahiyyətlərinə daxil olan məsələlər barəsində isə konkret müraciətlər və bəyanatlar hazırlayır. Normativ hüquqi aktların hazırlanması prosesində komitələrin və katibliyin qərarı ilə ekspert və hüquqşünaslar dəvət olunur.

Hazırlanmış sənədlər Baş Assambleyada müzakirə edilir və səsə qoyulur. Müəyyən edilmiş çoxluq tərəfindən dəstəklənən sənədlər Azərbaycan Respublikasının Milli Məclisinə, və ya icraedici orqanlara təqdim edilir.

Müraciətlərə baxılmaması, yaxud ağlabatan cavab verilməməsi halında Baş Assambleyada "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada xüsusi prosedur tətbiq edilir.

AGP daxilində aşağıdakı komitələr fəaliyyət göstərir:

- Səhiyyə, ailə, uşaq və gender məsələləri komitəsi;

- Sahibkarlıq, turizm və regional siyasət komitəsi;

- Yaşıl siyasət və şəhərsalma komitəsi;

- İnformasiya texnologiyaları və innovasiyalar komitəsi;

- Gənclər və idman komitəsi;

- Elm, təhsil, mədəniyyət və incəsənət  komitəsi;

- Məşğulluq, karyera və sosial siyasət komitəsi;

- İcmalarla iş komitəsi.

 

AGP üzvləri necə seçilir?

İlkin mərhələdə elan edilmiş müddət çərçivəsində agp.az saytı vasitəsilə qeydiyyata alınmış müraciətlər qiymətləndirilir və fərqlənən namizədlər müsahibə mərhələsinə dəvət olunur. Müsahibə mərhələsini də uğurla tamamlamış şəxslər AGP üzvlüyünə qəbul edilir.

Hər iki seçim mərhələsi üzrə qərarlar AGP Katibliyi və müvafiq komitə üzrə ixtisaslaşmış ekspert qrupunun ortaq rəyi əsasında verilir. Üzvlərin seçim meyarları aşağıdakı ardıcıllıqla təsbit olunmuşdur:

  1. Namizədin müraciət etdiyi komitə üzrə bilik və bacarıqları;
  2. Namizədin daşıdığı humanist, dünyəvi və demokratik dəyərlər;
  3. Namizədin qanunyaratma (policymaking) bacarıqları;
  4. Nisbi gender bərabərliyi;
  5. Həssas və xüsusi qayğıya ehtiyacı olan gənclərin təmsilçiliyi;
  6. Regionlarda yaşayan gənclərinin təmsilçiliyi.

 

AGP-nin strukturu necədir?

AGP-nin ümumi işini Katiblik həyata keçirir. Katibliyin əməkdaşları AGP üzvləri hesab edilmir, komitə iclasları və Baş Assambleyalarda səsvermə hüququna sahib olmur. Katibliyin rəhbəri Baş Katibdir.

AGP üzvləri ilk komitə iclaslarında komitə sədrlərini, ilk Baş Assambleyada isə Parlamentin Prezidentini seçir. Komitə sədrlərinin müavinləri və Parlamentin vitse-prezidentləri müvafiq olaraq komitə sədrləri və Parlamentin Prezidenti tərəfindən təyin olunur. 

AGP-nin vəzifəli şəxslərinin və üzvlərinin səlahiyyətləri və öhdəlikləri ilə bağlı daha ətraflı məlumat Azərbaycan Gənclər Parlamentinin Nizamnaməsində qeyd edilmişdir.